Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 15 illik fəaliyyəti ilə bağlı hesabat verib



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) Gənc Alim və Mütəxəssislər Şurasının 15 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.


İnstitutdan bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov son illər akademiyada çalışan gənclərin elmi-ictimai fəallığının yüksəldiyini deyib. Bildirilib ki, elmin inkişafında gənclərin rolu çox önəmlidir. Bu baxımdan onlar daim öz bilik və bacarıqlarını inkişaf etdirməli, dünya elminə inteqrasiyada maraqlı olmalıdırlar. Alim gənclərə tövsiyələrini verib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti həmişə qənaətbəxş olub. AMEA-da gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən elmi müsabiqələrin qalibləri arasında həmişə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının olması bu müəssisənin alimlərinin fəaliyyətinin nəticəsidir.

AMEA-nın müxbir üzvləri Vaqif Quliyev, Bilal Bilalov, Qeylani Pənahov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva, RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının ilk sədri, riyaziyyat üzrə elmlər doktoru Mübariz Hacıbəyov, professor Rövşən Bəndəliyev alimlərə uğurlar arzu ediblər.

RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famil Seyfullayev şuranın fəaliyyətinin institut rəhbərliyinin daim diqqətində olduğunu qeyd edib. O, gənclərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra elmi fəaliyyətinə görə fərqlənən alimlərə diplomlar, fəal gənc alimlərə sertifikatlar təqdim olunub.


Baxılıb: 19 Tarix: 26-06-2019, 22:18