“AMEA direktorları vəzifədə maksimum 5 il qalmalıdırlar” – Etibar Əliyev

 



AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün elan edilən seçkilərə sənəd qəbulu başa çatıb.

Direktor vəzifəsinə namizədlərlə bağlı məlumatlar əvvəlcə müvafiq bölmələrdə yaradılan ekspertiza komissiyalarında təhlil olunacaq.
Bu məlumatlar tam araşdırıldıqdan sonra tanış olmaq üçün bölmə üzvlərinə təqdim ediləcək. Sonra AMEA-nın müvafiq bölmələrində seçki təyin olunacaq.

Bəs, AMEA-nın direktor vəzifəsinə seçimlərində hansı qaydalar dəyişdirilməli və yeniləri ilə əvəz olunmalıdı?
AzEdu.az bu suala cavab tapmaq üçün təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrənib.

O, açıqlamasında Elmlər Akademiyasında direktor vəzifəsini tutanların çoxunun həmin vəzifədə uzun müddətdir ki, yer aldığını deyib:
“Ekspert kimi tövsiyə edərdim ki, bu vəzifəyə gələn insanlar gənc və orta nəslin nümayəndəsi olsun. Çünki yaşlı nəsil yeni texnalogiyalardan xəbərsizdi və onları tətbiq etməkdə  çətinlik çəkirlər. Lakin gənclər operativ olduqları üçün yenilikləri tez bir zamanda qavraya bilirlər.
Hazırda informasiya cəmiyyətində yaşayırıq. Elmlə məşğul olan insan mütləq şəkildə yeni texnologiyalarla ayaqlaşa bilməlidi. Onlar, həmçinin, dünyada gedən elmi tədqiqat prosesindən də xəbərdar olmalıdılar”.

O, AMEA-da rəhbər vəzifə tutan şəxslərin  iş müddətinin azaldılmasını təklif kimi irəli sürüb:
“Direktor vəzifəsini icra edən şəxslər  maksimum 5 il müddətində işlərini yerinə yetirməlidilər. Həmin müddət tamamlandıqdan sonra isə bu vəzifəyə başqa şəxs gəlməlidi.
Direktorlar  mütəmadi olaraq hesabat verməlidilər. Həmin hesabat formal xarakter daşımamalı, elmi əsaslara və faktlara söykənməlidi
Düşünürəm ki, alimlik etikasına hörmətlə yanaşan şəxslər özlərini mütəmadi olaraq inkişaf etdirməlidirlər. Ona görə də mən təklif edərdim ki, AMEA gənc və orta nəslin nümayəndələrini namizəd olaraq irəli çəksin”.
Qeyd edək ki, AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün sənəd qəbulu iyunun 11-dən iyulun 11-dək aparılıb.
AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.


Baxılıb: 23 Tarix: 16-07-2019, 17:07