Natiq Cəfərli: “Elmə ağılla qoyulan hər dollardan bir milyon dollar götürmək olar”- Heyrətamiz tövsiyə və təkliflər


 

AzEdu.az -ın “5+1” rubrikasını təqdim edirik.

Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiya 5 əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...
Rubrikamızın növbəti qonağı iqtisadi ekspert  Natiq Cəfərlidir.

Elmin Nuri:  Alimlərimizin beynəlxalq, yüksək indeksli elmi jurnallara yaxın dura bilməmələrinin əsas səbəbləri hansılardır?

-Əslində,  Azərbaycanda təhsil problemlərinin davamı olaraq elmi araşdırmalarla bağlı problem yaşanır. Təhsildən başlayaraq elmlə yekunlaşan qırılmaz  zəncir pozulur.  Normal idarəetmə və yanaşma tətbiq edilmədiyi üçün  elmi araşdırmalar, məqalələr, kəşflər sanki Azərbaycandan yan keçir. Bu məsələdə AMEA-nın  düzgün  çalışmamasının da mühüm rolu var. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində elmlə təhsil birləşdirilir. Elmlər akademiyasının oynadığı rolu universitetlər görür. Azərbaycanda isə onlar sanki ayrı düşüb. Elm və təhsilin ayrı istiqamətdə olması doğru yanaşma deyil. Elmlə istehsalı birləşən dünya ölkələrində ciddi uğurlara nail olunur. İstehsal, iqtisadiyyatın elmə kapital qoymağa, elmi araşdırmalar sifariş etməyə kifayət qədər marağı yaranır. Bu da elmin maddi bazasını yaradır ki, o da inkişafa səbəb olur. Bizdə vəziyyət - fundamental olaraq təhsildən başlayaraq elmə qədər - ürəkaçan deyil. Təhsillə akademik araşdırmaların, istehsal, iqtisadiyyatla elmin əlaqəsi kəsilib, bütövlük yoxdur. Bunun nəticəsi olaraq keyfiyyətli elmi araşdırmaların, elmi məqalələrin sayı azdır. Elmi kəşflərlə, araşdırmlarla bağlı xarici elm mərkəzlərində, jurnallarda azərbaycanlıları görmək olmur.

Lamiyə Süleymanlı: AMEA-nın İqtisadiyyat İnstitutunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bu gün çox maraqlı bir proses gedir.  Hələ  bu gün görülən işləri AMEA-nın İqtisadiyyat İnstitutu uzun müddət  bundan əvvəl həyata keçirməli idi.
 Onlar elmi araşdırmalar aparmalı, bununla bağlı mətbuatda açıqlamalar verməli,  elmi analizlər  Prezidentə təqdim olunmalı, ölkə başçısına problemlərin qaynağı barədə  arayışlar yazılmalı idi.
İnstitutun işi əslində, bundan ibarət olmalıdır. Etiraf edək ki, AMEA-nın aşağı-yuxarı bütün bölmələri bu vəziyyətdədir.  Akademiyanın özünün fəaliyyətində ciddi problemlər var.  Ciddi bir araşdırma, iqtisadiyyatla bağlı məqalələr, yaxud tezislər, yol xəritələri  görməmişik.  Akademiya universitetlə, başqa sözlə elmlə təhsil birləşdirilməsə, ciddi bir nəticə olacağını hesab etmirəm.

Şükufə Süleymanlı: Azərbaycanda biznesmenlərə, iş adamlarına elmi inkişaf etdirmək üçün nə tövsiyə edərdiniz?

-Əslində, bu prosesin baş verməsini, yəni biznesmenlərin elmə maliyyə ayırmasını kiçik misallarla izah etmək olar. Avropa, Amerikada böyük şirkətlər, holdinqlər “ova çıxır”. Onlar universitetlərdə birinci kursdan ən yaxşı oxuyan tələbələri aşkarlayır, onlarla müqavilələr bağlayırlar. Tələbələrin  bir çox xərclərini öz üzərinə götürürlər ki, gələcəkdə həmin tələbələr onların şirkətində çalışsınlar. Bundan əlavə, üst səviyyədə, təhsilini davam etdirən magistrlar, araşdırmaçılar  arasında da bu prosesi davam etdirirlər. Elmlə, əsasən də istehsalın,  innovasiyaların tətbiqinin yaxşılaşdırılması sahəsində məşğul olan laboratoriyalarla, elmi mərkəzlərlə özləri əlaqə yaradırlar. Bu əlaqələr nəticəsində onların kəşflərini, təkmilləşdirici təkliflərini istehsal, xidmət sahələrində tətbiq edərək böyük qazanc götürürlər.  Hətta Qərbdə belə bir ifadə işlədilir ki, elmə ağılla qoyulan hər dollardan bir milyon dollar götürmək olar. Yəni, bir dollar sonradan  bir milyon dollara çevrilir.  Azərbaycanda elmə marağın olmaması iqtisadi sahənin problemlərindən yaranan bir məsələdir. Bizdə iqtisadi model əslində primitivdir. Çoxsahəli və çoxşaxəli deyil. Əsas sahə neft qaz sektoru olduğu üçün digər sahələrdə ciddi bir irəliləyişin olmadığı müşahidə edilir. Bu, hətta hökumət, dövlət səviyyəsində etiraf olunur. Məhz  buna görə də elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə bağlı fürsətlər də yoxdur. Çünki onsuz da istehsal çox azdır. Sadə dildə desək, gündəlik həyatımızda istifadə etdiyimiz əşyalara  baxsaq, Azərbaycanda istehsal olunan nəsə tapa bilmərik. Ev əşyalarından tutmuş, geyim, telefon, maşın bunların heç birində Azərbaycanın istehsal  payı olmadığına görə elm tutumlu sahələrin inkişafında ciddi irəliləyiş görə bilmirik.
Ancaq bəzi ərzaqlar ölkə məhsuludur ki,  onların istehsalı üçün də ciddi elmi araşdırmalar lazım deyil. Düzdür, aqrar sektorun elmi tutumu da olmalıdır, amma bu artıq başqa məsələdir.   

Mayıl Ağaxanov: Təhsilin hansı sahələrinə daha çox maliyyə ayrılmağını təklif edərdiniz?

-Təhsilə ayrılan vəsaitin təqribən 83-85 faizi, böyük bir qismi maaşa xərclənir. Rəqəmlərin böyüməsi   o demək deyil ki, təhsilin keyfiyyətinə ayrılan vəsait də artır.  Məsələn, elmə ayrılan vəsait çox cüzidir. Qonşu ölkələr arasında elmə ayrılan ən az vəsait hesab oluna bilər. Amma  Azərbaycanda bunu anlayışla qarşılayıram. Çünki elmin özünün bir nailiyyəti, geridönüşlülüyü olmalıdır ki, vəsaitin ayrılmasına da daha çox diqqət  göstərilsin.  Azərbaycanda elmə ayrılan vəsait sanki itirilir.  Ona görə də maaş, təmir, texniki işlərdən başqa, təhsilin keyfiyyətinin yüksəldilməsi, innovativləşdirilməsi, elmi araşdırmalar, yeni laboratoriyaların qurulması, təhsildə yeni yanaşmaların tətbiq edilməsi, məsələn distant təhsil  və yaxud xaricdə çox populyar olan yanaşmalarla bağlı vəsaitlər artmalıdır. Düzdür, təhsilə ayrılan vəsait artır, amma bu ümumilikdə texniki bazaya xərclənir. Məncə, sadaladığımız digər sahələrə ayrıca bir xərc maddəsi əlavə olunmalıdır ki, məhz təhsilin keyfiyyətinə ayrılan vəsaitin miqdarı göstərilməli, istiqamətləri öncədən müəyyənləşdirilməldir.
Əslində, təhsilin keyfiyyətinin yüksəldilməsinə məktəbdən başlamaq daha doğrudur. Çünki məktəb düzəlməsə, nəticə olaraq universitet də düzəlməyəcək. Düzdür, son vaxtlar məktəblərin maddi texniki bazası yaxşılaşıb, kifayət qədər  müasir binalar  tikilir, avadanlıqlar alınır, yaxşı təmir olunur. Son 15 ildə 4000-ə yaxın belə məktəb binası tikilib. Amma ali məktəblərə qəbul balları aşağı düşüb. Yəni, keyfiyyət aşağıdır. Maraqlısı odur ki, pedaqoji sahələrə keçid balları daha çox aşağı düşüb. Belə çıxır ki, zəif hazırlıqlı tələbələr pedaqoji universitetlərə qəbul olunurlar və  onlar  sonradan məktəbə qayıdıb daha zəif şagird  yetişdirirlər.  Bu, ciddi problemdir. Təhsildə elə bir nüfuz yaradılmalıdır ki, bura maraq artsın, hətta gender bərabərliyi də təmin olunsun.  Azərbaycandan 80 faiz müəllimlər xanımlardır. Kişi mütəxəssislərin də olması bir balans yaradardı.

Günel  Yaşarqızı: Xaricdə təhsil alan tələbələr, xüsusilə tibb ixtisaslı məzunlar ölkəyə geri qayıtmır. Bunun səbəbi nədir?

-Əldə etdiyi qazancdan, rəsmi maaşdan tutmuş, maraqlı yaşayış tərzinə, keyfiyyətli xidmət sahələrinə qədər bir çox məsələlər  buna səbəb olur. Məsələn, ölkədə  idarəetmə sahəsində ən yüksək- 1400-1500 manat nazirin maaşıdır . Yaxşı mütəxəssis olan  5-6 il oxuyub master alan, əziyyət çəkən  azərbaycanlı gəlib burda 1400-1500 manata işləmək istəməz. Amma xaricdə minimum maaş 4000-5000 avrodan başlayır. Təbii ki, maaşdan başqa, karyera qurma bacarıqları, həyatın keyfiyyəti, perspektivlər önəmli rol oynayır.  Tiblə yanaşı,  digər sahələrdə təhsil alan məzunlar da ölkəyə qayıtmır. Mən xarici səfərlərdə olanda - konfranslarda, yaxud küçədə - azərbaycanlılarla rastlaşıram.  Tanıyanların çoxu özləri mənə  yaxınlaşır.  Onların çoxu hansısa müəssisədə, Volksvagen şirkətində, Fransada spirtli və spirtsiz içkilər zavodunda satış və texnologiya işində çalışırlar. Adi insanlardır, orda oxuyub mütəxəssis olub və orda qalıb işləyirlər. Bütün bu məsələlərə görə onlar ölkəyə qayıtmaq istəmirlər. Amma qonşu Gürcüstanda  bir maraqlı örnək də var:  2005-ci ildə sabiq prezident Saakaşvili ölkəyə qayıdışla bağlı proqram qəbul etdi.  Təqribən 1000-dən çox xarici ölkələrdə yaşayan gürcüstanlıları ölkəyə dəvət etdi. Onlara çox yüksək maaş, sığorta verildi, hətta evlə təmin edildilər. Onlar indiki Gürcüstanın vəziyyətinin yaxşılaşdırlmasında mühüm rol oynadılar.

 Ayşə Museyib


Baxılıb: 11 Tarix: 2-11-2019, 13:41