Ekspertlər ixtisas seçimi barədə danışdılar -“Bacarığı test üsulu ilə qiymətləndirmək olmaz”




  
Hər bir abituriyent ixtisas seçimi zamanı diqqətli olmalı, ixtisasını dəqiq araşdırıb sonra seçim etməlidir.

Bəs ölkəmizdə bununla bağlı vəziyyət necədir? Abituriyentlər ixtisas seçimi zamanı arzularını üstün tuturlar, yoxsa topladıqları bala uyğun seçim etmək məcburiyyətində qalırlar?

“Əminəm k, şagirdlərimizin əksəriyyəti ixtisas seçimi zamanı ballarına uyğun təsadüfi seçim edirlər”.

Bu sözləri AzEdu.az-a  açıqlaması zamanı təhsil eksperti Bəhman Məmmədov deyib. O bildirib ki, hazırda abituriyentlər seçim edərkən 15 yerdən ilk 4-5-nə arzuladıqları ixtisasları yazsalar da, yerdə qalanını ballarına uyğun kodlaşdırırlar:
“Misal üçün,IV qrupa hazırlaşan abituriyent Tibb Universitetinə qəbul olunmadıqda məcbur qalıb kimya və ya biologiya ixtisasını seçir və nəticədə istəmədiyi sənətə yiyələnmiş olur. Yalnız bizdə yox, təəssüf ki, əksər ölkələrdə vəziyyət belədir.
Burda problem ondan ibarətdir ki, bizim uşaqların bilik və bacarıqlarını ölçə biləcək mexanizmimiz yoxdur. Biliyi test üsulu ilə yoxlasaq da, bacarığı bu cür metodla müəyyən etmək mümkün deyil. Çünki bacarıq daha çox mənəvi anlayışdır”.
“Testlərlə bacarıq yox, yalnız biliyi cüzi miqdarda qiymətləndirə bilərik”.

Ekspertin fikrincə, təhsil sistemimizdə yeni metodlardan istifadəyə ciddi ehtiyac var:

“Bununla bağlı bir qrup müəllim-şagird heyəti Təhsil Nazirliyi tərəfindən İsrailə göndərildi. Yeni öyrənilməyə başladığımız STEM tədris üsuluna (science, teghnologiy, engineer, math) hətta incəsənəti də əlavə ediblər. Bu elə bir təhsil anlayışıdır ki, şagird artıq istədiyi sahə ilə maraqlana bilər. Belə ki, o, maraqlandığı istiqamətdə bir layihə götürə və bu sahədə 3 ay-1 il araşdırma apardıqdan sonra hansısa yenilik edə bilər. Bununla bərabər həmin şagirdlərə sahibkarlıq dərsləri də keçirilir və nəticədə şagird seçdiyi istiqamətdə necə kariyera da qura biləcəyini öyrənir.
Bu üsul artıq Azərbaycana gəlir. Şagird 8, 9, 10, 11-ci siniflərdə bu üsulla dərs keçsə belə, məktəbi bitdikdən sonra yenə Dövlət İmtahan Mərkəzinin testləri ilə üz-üzə gəlir. Bu testlərlə də, dediyim kimi, bacarıq yox , yalnız biliyi cüzi miqdarda qiymətləndirə bilərik.
Bəhman Məmmədov həmçinin bilik anlayı barədə də fikirlərini bölüşüb.

Ekspert sual verir və cavablayırmadam ki, 11 il ərzində öyrəndiklərimizi məzun olduqdan sonra unudacağıqsa, bəs niyə öyrənirik?
-İlk öncə biliyin nə olduğunu yada salaq. Öyrəndiklərimizi unutduqdan sonra yadda qalana bilik deyirlər. Amma düşünək biz 11 il oxuduqdan sonra nə yadımızda qalır? Təbii ki, adətən, heç nə.
Belə olan halda haqlı olaraq deyə bilərik ki, 11 il öyrəndikdən sonra unudacağın bilgini elə indidən unut. Bu məlumatların hamısı onsuz da internetdə var. Onlar beynində artıq yer tutacağına elə internetdə qalsın. Onsuz da lazım olduqda internetdən istədiyimiz məlumatları öyrənə bilirik. Belə olduğu zaman nə olacaq? Şagird məlumatları əzbərləmək yerinə qarşısına bir problem qoyub, onun üzərində işləyəcək. Əks halda abituriyentlər bugünkü təhsil sistemində olduğu kimi məcburi bir sahədə oxuyub və ömürləri boyu istəmədikləri işdə çalışacaqlar.
İkinci bir məsələ də var: əgər şagirdin arzuladığı ixtisasa keçid balı yüksəkdirsə və abituriyent sözün əsl mənasında çalışqan, eyni zamanda iradəlidirsə, o, gecə-gündüz səylə çalışıb öz arzusuna çatacaq.
Tutaq ki, şagird arzuladığı ixtisas üçün gecə-gündüz çalışdı və istədiyi yerə qəbul oldu. Sual yaranır: biz müəllimlər onu universitetdə lazımı səviyyəyə qaldıra bilirikmi? Ən ciddi məsələlərdən də biri də budur. Bu gün tələbələri qeyri ixtisas-fənləri ilə o qədər yükləyirik ki, artıq o, öz ixtisasını unudur. İxtisası tarixlə əlaqəsi olmayan bir tələbəyə “öz tarixini bilməlidir” deyərək yenidən orta məktəbdəki kimi  Atropatena, Albaniya, Səfəvilərin tarixi keçirilir. Və təbii olaraq imtahandan sonra  bu biliklərin hamısı birmənalı şəkildə unudulur. Lakin hesab edirəm ki, bunların əvəzinə tələbəni öz  ixtisasına istiqamətləndirmək, yaxud qeyri-ixtisas fənləri keçərkən daha lazımı və az materialla yükləmək lazımdır.
Bir məsələni daha unutmamalıyıq ki, bir ildə 81 min abituriyent universitetə hazırlaşır ki, onların 20-30 min nəfəri universitetə daxil olur. Bəs yerdə qalan məzunlar? Universitetə qəbul oluna bilməyənlərin gələcək həyatları üçün onlara nə öyrədirik? Əsas məsələ bundan ibarətdir. Riyaziyyatı, ədəbiyyatı, fizikanı əzbərləmək bacarıq deyil. Məhz bu səbəbdən bacarıqları inkişaf etdirən sistem yaratmaq lazımdır”.

Tələbələr bir müddət sonra şəxsiyyət tərəddüdü problemi yaşayır. Həm şəxsi, həm də sənət baxımından “mən kiməm?” sualına cavab axtarırlar”.
Psixoloq İbrahim İbrahimov saytımıza açıqlamasında insanın xoşbəxtliyinin onun işi ilə birbaşa əlaqəli olduğundan danışıb. O bildirib ki, alimlərin daim cavab axtardıqları “xoşbəxtlik nədir?” sualını psixolqlar insanın sahib olduğu işi ilə əlaqəli hesab edirlər:
“Nəzərə alsaq ki, insan həyatının böyük bir hissəsini iş həyatı təşkil edir, deməli yanlış ixtisas seçimi onu daim məyus edəcək.
Tutaq ki, ixtisası riyaziyyat üzrə olan biridərman satırsa və ya tarix, hüquq üzrə ali məktəbi bitirən bankda işləyirsə, bu şəxslərdə mütləq şəkildə daxili boşluq yaranacaq.  İnsan öz işini sevmirsə, xoşbəxt ola bilməyəcək. Bu da öz növbəsində onların qarşılaşdığı şəxslərə də mənfi təsir göstərəcək. Belə ki, missal üçün biz gündəlik həyatımızda aqressiv bank işçisi, dərman satcısı  və s. ilə rastlaşacağıq və birbaşa cəmiyyət olaraq bizə təsir göstərəcək.  

Bir çox Avopa ölkələrində və Amerikada isə vəziyyət fərqlidir. Orada insanlar  bizdə olduğu kimi imtahanda topladıqları bala uyğun təsadüfi ixtisas seçimi etmirlər. Onlar istədikləri ixtisası seçirlər və əgər oxuyub imtahandan keçə bilməsələr, davam etmirlər. Bu da həqiqətən işini sevən və savadlı kadrların yetişməsinə gətirib çıxarır”.


Baxılıb: 28 Tarix: 20-06-2019, 21:07