Beynəlxalq yapon dili natiqlik müsabiqəsində ADU-nun tələbələri uğur qazanıblar




Azərbaycan Dillər Universitetində (ADU) GUAM ölkələrinin 6-cı beynəlxalq yapon dili natiqlik müsabiqəsi keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə beş dövlətin – Gürcüstan, Ukrayna, Moldova, Belarus və Azərbaycanın iştirakı ilə reallaşıb. Hər il Yapon Fondu tərəfindən dəstəklənən bu müsabiqə Azərbaycanda 2-ci dəfə keçirilir.

Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı səfiri Katori Teriyuki çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, yapon dili bacarığının inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan müsabiqə ölkələrarası beynəlxalq əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Yarışmada Azərbaycanı 4 tələbə təmsil edib ki, onların da 2-si ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri Lalə Bağırova və İlahə Məmmədova olub.
Müsabiqənin 15 iştirakçısı içərisində ADU-nun tələbələri natiqlik bacarıqları ilə digər iştirakçılardan seçiliblər. Lalə Bağırova 2-ci, İlahə Məmmədova isə 3-cü yerə layiq görülüb.

Sonda 7-ci beynəlxalq yapon dili natiqlik müsabiqəsinin Moldovada keçirilməsi yekdilliklə qəbul olunub.

Baxılıb: 31 Tarix: 25-06-2019, 17:22