İctimai Şuranın yeni seçilən sədri və müavini: “Problemlər müzakirə olunacaq”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.

İctimai Şuranın sədri Şahlar Əsgərov tez  zamanda  şuranın fəaliyyəti üçün iş planı hazırlanacağını bildirib:

“Azərbaycan təhsil tarixində ilk dəfədir ki, İctimai Şura fəaliyyətə başlayır. Şura Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu"nun tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən yaradılıb. Məlumdur ki, təhsil sistemində problemlər çoxdur. İstər orta, istərsə də ali məktəblərdə  müxtəlif problemlər müşahidə olunur. Bu problemləri ictimai rəyi nəzərə almaqla qeydə alıb, onun həlli yollarına çalışacağıq. Hesab edirəm ki, şuranın əsas işi ictimaiyyətlə təhsil qurumları arasında körpü yaratmaqdır olacaqdır. Bu da təhsilin ümumi inkişafına müsbət təsir göstərəcək”.

Şura sədri həmçinin, ictimaiyyəti maraqlandıran məsələlərin aşkarlanması ilə bağlı davamlı araşdırmalar aparacaqlarını da qeyd edib:
“Burada bir fərdin məsələsi yox, ictimai əhəmiyyətli problemlər müzakirə olunacaq. Əlbəttə ki, fərdin müəyyən maraqları müdafiə ediləcək.  Məsələn, şəhərdə olan tıxacın tədrisə birbaşa təsiri var. Valideyn uşağını  taksiylə, şəxsi maşınla uzaqdakı bir məktəbə aparır.  Amma yaxınlıqdakı məktəbə üstünlük vermir. Bəs bunun səbəbləri nədir? Bu problem kimi qaldırılmalıdır. Məktəblər bərabər olmalıdır.”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini seçilən Nadir İsrafilov isə bildirib ki,  şuranın yaradılmasında əsas məqsəd təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir:

“İctimai iştirakçılığın məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, həmin orqanlar ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili,  aşkarlığın və şəffaflığın təmin olunması,  dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması,  insan və vətəndaş hüquqlarının müdafiəsidir”.  

O bildirib ki, ötən iclasda əsasən reqlament məsələlərinə baxılmış, Şuranın Əsasnaməsi geniş müzakirədən sonra təsdiq edilmişdi. Şuranın Fəaliyyət planı da artıq müzakirə edilib:

“Şuranın dünənki iclasında isə təşkilati məsələlərə baxıldı, şura üzvlərinin Şuranın Fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə edildi. Açıq səsvermə yolu ilə və yekdilliklə Şuranın sədri, müavini və məsul katibi seçildi. Onu da deməyi özümə borc bilirəm ki, Şuranın 11 üzvündən hər biri sədr olmağa layiq şəxslərdir, təhsil sahəsində tanınan, sayılıb-seçilən, hər vaxt öz sözünü deyən, istənilən məsələyə mövqe bildirən, ən başlıcası isə cəmiyyətə açıq olan insanlardır. Növbəti iclasda Fəaliyyət planının təsdiqi nəzərdə tutulur”.

 Sədr müavini onu da qeyd edib ki,  fəaliyyət planı təsdiq olunduqdan sonra,  ictimaiyyət Şuranın  gələcək fəaliyyət konturları ilə tanış olmaq imkanı əldə edəcəklər:

“Fürsətdən istifadə edərək, müstəqil fəaliyyətimiz üçün lazımı şərait yaratdıqlarına, hər cür texniki təchizata və təminata malik ofis ayırdıqlarına  görə Təhsil naziri Ceyhun Bayramova və Texniki Universitetin rektoru Vilayət Vəliyevə Şura üzvləri adından təşəkkürümü bildirirəm.
Məqsəd və vəzifələrimiz çoxdur, başlıca məqsədimiz isə ümidləri doğrultmaqdır...”- deyə N.İsrafilov əlavə edib.


Baxılıb: 15 Tarix: 25-10-2019, 20:08