“Postdan qaçan əsgər nə cəza alırsa, dərsdən qaçan şagird də o cəzanı almalıdır...” - Professor Şahlar Əsgərov

"Təhsil sahəsində işləyən bir adam kimi hələ görməmişəm ki, təhsil nazirini baş nazir qəbul etsin"

Şahlar Əsgərov: “Neft də, pambıq da təhsillə müqayisədə əhəmiyyətsizdir”





“Ölkənin birinci naziri təhsil naziri olmalıdır!”

“Baş nazir ildə ən azı 1-2 dəfə təhsil nazirini qəbul etməli, onunla müzakirə aparmalıdır”

Təhsil sektorunun hər bir dövlətin və cəmiyyətin həyatında mühüm yer tutduğu, onun sadəcə bu gününə deyil, həm də gələcəyinə yön verdiyi şübhəsizdir. 

Moderator.az olaraq  görkəmli təhsil mütəxəssisi, professor Şahlar Əsgərovla söhbətimizdə, Azərbaycan cəmiyyətində təhsilə olan maraq və münasibət, bu sahənin önəm və əhəmiyyətinin dərkolunma səviyyəsi və s. ilə bağlı məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Şahlar müəllim, uzun illərdir ki, təhsil sektorunda çalışan, bu sahənin bütün incəliklərinə bələd olan peşəkar mütəxəssis kimi ölkəmizdə təhsilə olan münasibəti  necə xarakterizə edərdiniz? Sizcə təhsil, onun əsl fəlsəfəsi Azərbaycan cəmiyyəti tərəfindən yetərincə dərk olunurmu?

- 30-40 ildir ki, təhsili iziləyirəm. Bütün bu müşahidələrim nəticəsində belə bir qənaətə gəlmişəm ki, Azərbaycanda təhsil hələ dərk edilməyən həqiqətdir. Bunu isbat etmək üçün mənim yüzlərlə sübutum var. Lakin mən bu sübutların hamısını səsləndirməyə ehtiyac görmürəm. Sadəcə, bir faktı deyim ki, alimliyi bir tərəfə qoyub qohumbazlıqla təyinatlar, alimliyi bir tərəfə qoyub şəxsi mənfəətə görə qiymtə yazmaq, alimliyi bir tərəfə qoyub pulla dissertasiya yazmaq onu göstərir ki, bu sektor bizdə hələ dərk olunmayan həqqiətdir. 

- Şahlar müəllim, bu gün BDU-dakı çıxışınız böyük marağa səbəb oldu...

- Bu gün biz Təhsil Nazilriyi yanında İctimai Şuranın üzvləri və jurnalistlər olaraq BDU-nun rektoru Elçin Babayevlə görüşdük. Elçin Babayev BDU-da gedən proseslərdən danışdı. Azərbaycan Respublikasının prezidentinin BDU-nun 100 illiyi ilə bağlı məruzəsindən bir sıra misallar gətirdi. Xüsusilə də yataqxana məsələsi, tərbiyə məsələsi və s.-dən danışdı. Bir sıra məsələlərlə bağlı maraqlı məlumatlar verdi. 

Həmin çıxışa rəğmən dedim ki, ayın 14-də Moderator.az saytında mənim bir məqaləm işıqlandırıldı. Mən onu “Təhsilin fəlsəfəsi” adlandırmışdım. Amma siz onun adını Qarabağla əlaqələndirmişdiniz. Məqalənin mahiyyəti ondan ibarət idi ki, Qarabağ məsələsində Təhsil Nazirliyi də Müdafiə Nazirliyi qədər gücə malikdir. 16 yanvarda isə Rusiya saytlarının birində bir məqalə yer aldı. Məqalə Moskvada təşkil edilən “Qaydar” forumu, orada səsləndirilən məruzələrlə əlaqədar idi. Həmin forumda Rusiyanın inkişafı və dünyada bu inkişafın yeri müzakirə edilib. 

Bu forumda nəinki Rusiyanın adlı-sanlı alimləri, dünyanın məşhur alimləri, keçmiş prezidentləri və s. çıxış edib. Təxminən 40-50 məruzə dinlənilib. Bu məruzələrin birini də “Sberbank”ın direktoru German Qref edib. O, təqribən mən dediyim sözləri deyib. Xatırladım ki, o, Rusiyanın sabiq nazirlərindən biridir. G.Qref deyir ki, mən artıq bu qərara gəldim ki, ölkənin birinci naziri maliyyə naziri deyil. Mən artıq bu qərara gəldim ki, ölkənin birinci naziri iqtisadiyyat naziri deyil. Mən bu qərara gəldim ki, ölkənin birinci naziri təhsil naziridir. Mənim illərlə dediyimi o, daha qısa formada, daha təsirli şəkildə diqqətə çatdırıb. 

- Demək belə çıxır ki, ölkədəki bütün problemlərin həlli üçün sadəcə təhsilin inkişafını təmin etmək kifayətdir?

- Elədir. Iqtisadiyyatı inkişaf etdirə bilərsiniz, lakin yenə də ölkədə bir çox problemlər həll edilməmiş qalacaq. Maliyyəni inkişaf etdirə, insanlara daha çox vəsait verə bilərsiniz, amma yenə də ölkə problemlərdən tam azad olmayacaq. Amma Təhsil Nazirliyi, təhsil sistemini qaldırsanız, ölkə bütün problemlərdən azad olar. Bu problemlər fonunda həm maliyyə, həm də iqtisadi problemlər öz həllini tapar. Yəni ölkədə birinci nazir təhsil naziridir. Bunu dərk etmək lazımdır. Həqqiətən də ölkənin birinci naziri təhsil naziri olmalıdır. Niyə? Niyəsini 30 ildir deyirəm. 

Mən Moderator.az-dakı məqalələrimi yığdım. Onları üst-üstə qoyanda iki cildlik kitab əmələ gəlir. Həmin məqalələrin hamısında bu ideyanı təbliğ edirəm. G.Qrefin məlum fikri mənim fikrimlə üst-üstə düşür və inanıram ki, bu, bir rezonans yaratmalıdır. 

- Belə çıxır ki, problemlərin səbəbi də, onlardan xilas yolu da insan şüuru ilə bağlıdır?

- Bəli. Ölkəni düzəltmək üçün insanların şüurunda dəyişiklik etmək lazımdır. Neft də, pambıq da əhəmiyyətli şeylərdir. Amma təhsilin yanında bunlar çox əhəmiyyətsizdir. Önəmli olan təhsildir. Böyük Azərbaycan şairi Hüseyn Cavid nə deyib? Deyib ki, təhsildə ilahi güc var. Ilahi sözü orada təsadüfi işlədilməyib. Təhsil o qədər güclü bir sahədir ki, hər şeyi həll edə bilər. 

- BDU-dakı çıxışınızda maraqlı bir məqama toxundunuz və təhsilin sosial sahəyə deyil, təhlükəsizlik sahəsinə aid edilməsinin vacibliyini vurğuladınız. Sizcə, qəlibləşmiş bu yanaşmanı dəyişmək, təhsili sosial sferaya deyil, təhlükəsizlik sahəsinə aid etmək üçün çoxmu iş aparılmalıdır?

- Mənim bizim partiyanın icraçı katibi Əli Əhmədovla da bununla bağlı söhbətim olub. Bu barədə təhsil naziri Ceyhun Bayramovla da söhbət etmişəm. Ə.Əhmədov baş nazirin sosial sahəyə baxan müavinidir. Mən deddm ki, Əli müəllim, mənə elə gəlir ki, təhsil sosial sferaya daxil edilməməlidir. Sosial sferaya daxil ediləndə nə əmələ gəlir? Dövlət təhsili müdafiə edir, ona dəstək verir, amma deyir ki, gənclərin təhsili məsələsi valideyn məsələsidir, dövlətə aid deyil. Amma sovet dövlətində gənclərin təhsil məsələsi dövlətin məsələsi idi, valideynə aid deyildi. Hətta valideyn uşağı məktəbə göndərməyəndə, dövlət onu tuturdu. Dedim buna görə də təhsil sosial sahə deyil. 

Əli müəllim məndən soruşdu ki, bəs hansı sahəyə aiddir? Dedim ki, bu, təhlükəsizlik sahəsinə aiddir. Əsgər xidməti yerindən, postdan qaçanda ona nə cəza düşürsə, uşaq da məktəbdən qaçanda həmin cəzanı almalıdır. Komandir sərhəddə dövlətin ziyanına addım atanda hansı cəzanı alırsa, məktəbdə müəllim də həmin cəzanı almalıdır. Hər təsadüfi əsgərdən komandir seçilmədiyi kimi, hər təsadüfi müəllimdən də direktor seçilə bilməz. Əli müəllim dediklərimi maraq və gülərüzlə dinlədi, söylədiklərimə etiraz etmədi. Hiss etdim ki, dediklərim onun da ürəyincədir. 

- O zaman belə çıxır ki, Təhsil Nazirliyinə məxsusi münasibət ortaya qoyulmalıdır?

- Şübhəsiz, təhsil təhlükəsizlik sahəsinə aid olmalıdır. Ən azı ildə bir-iki dəfə bizim baş nazir təhsil nazirimizlə təkbətək görüşməlidir. Bu görüşlərdə təhsilin vəziyyəti müzakirə edilməlidir. Amma mən neçə idlir ki, təhsil sahəsində işləyən bir adam kimi hələ görməmişəm ki, təhsil nazirini baş nazir qəbul etsin. Halbuki, mən bu görüşləri, bu müzakirələri vacib və zəruri hesab edirəm. 

Seymur ƏLİYEV

Baxılıb: 74 Tarix: 23-01-2020, 23:00